TƏKRAR (12.102020-ci il)
Redaktordan (Elnur Səlim): Müsahibə “Media haqqında” qanunun qəbul edilməsi müzakirələriylə tam səsləşdiyinə görə yenidən yayınlamaq qərarına gəldik. X. Ədəboğlu jurnalistikanın xilası ilə bağlı soruşduqda, həmişə «öncə yazmağı öyrənmək lazımdır»-deyir.
Vətən müharibəsi gedir. Düşmənnin terror qruplaşmalarına aid qəhrəman ordumuzun apardığı antiterror əməliyyatları bir sıra dövlətlərin terroru dəstəkləmə faktını və xislətini ortaya qoydu. Xüsusi ilə, Rusiya və Fransanın aldığı tövrlər dünya siyasətində rolu olan dövlətlərin utancverici bir terror yanlısı kimi əməllərini ortaya qoymuş oldu. Bu və ya digər məsələlər barədə geniş müsahibədə həmsöhbətimiz Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi Mətbuat Xidmətinin rəhbəri, ölkəmizn ilk müharibədə döyüşərək əlil olmuş jurnalisti Xaqani Ədəboğludur.
—Qarabağ, ordu, müharibə, cəbhədə vəziyyət və jurnalistikamız barədə bir-birindən dəyərli fikirləri sizlərə təqdim edirik:
— Ölkəmizdə Vətən müharibəsi başladı. Ölkə əhalisi başlayan Vətən müharibəsini necə qarşıladı?
— Bəli, xaraktercə bu müharibə, Vətən müharibəsidir. İllərcə bizim İctimai Birlik «Düşmənə qarşı düşmən kimi mübarizə» taktikasının seçilməsini irəli sürməkdəydi. Qaraqaya əməliyyatından sonra cəmi 10-15 gün bu taktika ilə hərəkət etdik və erməni lobbisi deyilən şişirdilmiş lobbi çökdü. Erməni cəmiyyətinin monolitliyinə ciddi zərbələr vuruldu.
Bu gün savaş gedir. Əhalimiz, bu müharibəni toy-bayram kimi qarşıladı. Babalarımızdan gələn bir deyim var: «Söhbət Vətən olunca, dünyanın şah damarını kəsərəm». Bu gün həmin gündür. Millət üçün savaş toy-bayramdır. Əgər şəhid anası oğlunun tabutuna yetincə: «Südüm sənə halal olsun ki, sən bu Vətən uğrunda şəhid oldun» deyirsə, şəhidin Qazi atası, AVMVİB üzvü Etibar Ağakişiyev, oğlunun şəhid tabutuna yaxınlaşıb bu Vətən uğrunda şəhid olmasına şükr edirsə, bütün imperiyalar üzərimizə gəlsə biz qalib gələcəyik. Son qəpiyindən keçən təqaüdçü, yığışıb əsgərimizə yeməklər bişirən kəndlər, son qəpiyini qalib əsgərimizə əsirgəməyən bir xalqa düşmən qalib gələ bilməz. Qətiyyətli Ali Baş Komandanımızın ətrafında birləşən yenilməz bir xalq var meydanda. Onun bir çağırışıyla milyonlarla insan əli yalın olsa belə, düşmən üzərinə yürüməyə hazırdır. Çünki bizim məğlub olmaq şansımız yoxdur. Qalib gəlməyə məhkumuq. Bu məkrli, qorxaq və hiyləgər düşmən layiq olduğu cəzanı almalıdı. Bu savaş Azərbaycanın sərhəd bütövlüyü təmin edilməlidir. Xalq bunu 30 ildir gözləyir. Xalq 30 ildir ki, bu günləri gözləyib. Millət Qələbə təşnəsi olduğunu ortaya qoydu. İndi əldə etdiyi Qələbəni xalq olaraq, genişləndirməli və reallaşdırmalıyıq.
— Bu gün xalq razılaşdırılmış Atəşkəsi narazılıqla qarşıladı. Sizcə buna, nə ehtiyac vardı?
— Bu gün Atəşkəslə bağlı yayılan informasiyalara diqqət artırılmalıdır. Bu informasiyanı yayanların çoxu, ya sifariş yerinə yetirirlər, ya da savadsız olduqlarına görə yanlış bir rəy yaratmağa çalışmaqdadırlar. İmzalanmış bu sənəddə Ermənistan, Rusiya və Azərbaycan xarici işlər nazirlərinin oktyabrın 9-da Moskvada 11 saatdan çox davam edən görüşündən sonra əldə olunan atəşkəs razılaşmasının bəndlərindən biri atəşin humanitar məqsədlər üçün dayandırıldığını bildirir. Əslində 11 saat erməni Kalantaryan -Lavrovun təkidiylə müzakirə olunmuş bu sənədin heç 11 saat qüvvəsi olmadı. Ermənilərin Gəncədə mülki əhalini hədəfə almasıyla, Fransanın İrandan raket ötürməsiylə və Rusiya terrorçulara humanitar yük adıyla silah göndərtməsiylə bu sənəd zibil qutusuna atıldı. Əslində isə bu cür razılaşmalar əks cəbhə komandanları tərəfindən qəbul oluna bilən bir humanitar döyüş aktıdır. 24-72 saat arası müddətdə nəzərdə tutulduğu deyilir. Bu müddət tərəflər tərəfindən müəyyən edilir və müddətsiz olması mümkün deyil. Tarixi baxımdan, ilk humanitar Atəşkəs Birinci Dünya Müharibəsi əsnasında, 1914-cü il dekabrın 24-də Fransa, İngiltərə və Almaniyada Milad bayramını qeyd edilərkən Qərb Cəbhəsində qeyri-rəsmi bir atəşkəs elan edildi. Milad bayramından əvvəlki həftə qeyri-rəsmi atəşkəsin baş verdiyi və İngilis və Alman əsgərlərinin səngərləri arasında qarşılıqlı bir şəkildə salam və mahnı mübadiləsi etməsi barədə bir versiya da var. Başqa bir versiyada isə, qısa, lakin kortəbii atəşkəs Alman əsgərlərinin Milad ağaclarını işıqlandırması ilə başlandığı da deyilir.
Belə razılaşmalardan sonralar da sanitariya baxımından təhlükə yaradan cəsədlərin döyüş meydanından yığışdırılması, əsirlərin dəyişdirilməsi məqsədiylə istifadə olunub. Həmçinin, tərəflər bu vaxtdan öz qüvvələrini komplektləşdirmək, döyüşən qüvvələrin istirahət etməsi, ön və arxa cəbhənin əlaqələrinin nizama salınması, əldə edilmiş mövqelərdə möhkəmlənmək və texniki vasitələrin sazlanması kimi işlər görür. Amma düşmən və onun zəncirini əlində saxlayan Rusiyanın iyrənc əməlləri tezliklə üzə çıxdı. Yəni bu Atəşkəs başlamadan da bitdi. Çünki Rusiyanın elitasındakı erməni əsilli Maşustin-Lavrov- Simonyan + bu ölkənin bütün çirkli əməliyyatlarında istifadə olunan erməni mafiyası (lobbi pərdəsi arxasında), dərhal öz çirkin əməllərini davam etdirdilər. Onlar cənab İlham Əliyevin onlara verdiyi son şansı da «erməni kimi» qiymətləndirdilər və Putin Rusiyasının onların oyuncağı olduğunu ortaya qoydular. Bəziləri hələ də Lavrovun, Maşustin və Simonyanın erməni olmasının heç nəyi dəyişmədiyini, Rusiyanın ənənəli «dövlət imicinə qarşı çıxa bilməzlər» kimi sırımağa çalışırlar. Bu adamlar erməniliyin necə zərərli bir xəstəlik olduğunu anlamırlar. Bu günlərdə (9 oktyabr) Fransanın Alforville Bələdiyyə Şurası erməni silahlı qüvvələri tərəfindən işğal edilən Azərbaycan torpağının – Dağlıq Qarabağın Fransa tərəfindən tanınması üçün yekdilliklə səs verdiyini söyləyib. Bu haqda məlumatı Alforville şəhər merinin müavini Qaro Xaçikyan Twitter səhifəsində yazıb. İndi anladınızmı Lavrov-Maşustin kimi ermənilərin olduğu bir dövlətlə əlaqələri kəsmək lazımdır. Ən azı bu müharibə bitənəcən əlaqələrimizi kəsib bu dövlətə qarşı tətbiq edilən sanksiyalara qoşulmalıyıq. Səbəb, Gəncədə dinc sakinləri hədəfə alan ballistik raket hücumunu pisləyən Putinin, yaxud da erməni Lavrovun səsini eşidən oldumu? Eşitməzsiniz. Çünki atan kazaklardır. Ermənilər heç artilleriyanı düz-əməlli işlədə bilmirlər. Axtarın bu günlərdə Rusiyaya nə qədər «Gruz-200» rus terrorçu leşi aparılıb?
Həm də bu humanitar atəşkəsi irəli sürən Rusiya, Azərbaycan tərəfinin imzadan imtina edincə Cenevrə konvensiyalarına hörmət göstərməməsi barədə beynəlxalq aləmdə rəy yaratmağı planlamışdı. Əslində Azərbaycana qurduqları tələyə Putin düşdü və bu gün o, bölgədə 1 saylı terror dəstəkçisi olmasını gizlədə bilməyəcək. Yəni ATƏT Minsk Qrupunun saxtakar həmsədri kimi Makronu tək buraxmayacaq.
— Gəncənin raket atəşinə tutulması bir daha göstərdi ki, düşmən sülh üçün yararsızdır. Onun anladığı tək dili «mərmilər danışır». Düşmən dinc sakinləri atəşə tutmaqla nə etmək istəyir?
— Həqiqətən də ermənilərin anladığı tək dili «mərmilər danışır». Düşmən 90-cı illərin sonunda olduğu kimi əhali arasında vahimə, qorxu, şaiyələr və rəhbərə qarşı inamsızlıq yaratmağı planlayır. Ölkədə 5-ci kolona qarşı əhalinin ayıq-sayıq olması düşməni son həmlələrə məcbur edir. Əslində bu addım bir daha göstərir ki, düşmən sonunun çatdığını anlayıb. Son tədbirlərə əl atmağın özgə bir yozumu yoxdur. Azərbaycan xalqı bu sahədə də yetkinləşib. Düşmənin heç bir planının işləməsinə imkan tanımır. Cəbhə bölgəsindən yeni qayıtmışam və xalq bütün varlığıyla ordumuzun yanındadır. Ali Baş Komandanımızın yanındadır. Cəmiyyətin belə birləşməsi, monolitləşməsi və bütövləşməsi düşməni ciləndirir. Çünki illərcə buna əks bir effelkt üçün öz əlaltıları ilə birgə durmadan iş aparıblar. Necə deyərlər, mayaları batıb. Bu gün erməni terrorizmini dəstəkləyən sıraya baxın: Kardaşyan-Makron — Putin — Kalantaryan (Lavrov) — Mişustin — Simonyan — Solovyov-Zatulin cütlüyü və satılmış rus mətbuatı…
— Söhbət mətbuatdan düşmüşkən bizim jurnalistikanın informasiya savaşında rolunu necə dəyərləndirərdiniz?
— Mən jurnalist olaraq bizim jurnalistikanı daim açıq tekstlə tənqid edirəm və bu fikrimdə qalmaqdayam. Bizdə jurnalistika var ki, onun informasiya savaşı aparmasından danışaq? Artıq hökumət özü dilə gəlib. Əlbəttə ki, barmaq sayı sayt və qəzetlər istisna etməklə, deyərdim ki, bu adamların heç birinin informasiyanın nə olduğundan anlayışları yoxdur. Adicə cəbhə bölgəsindən (cəbhənin dərinliyindən yox) xəbər yayan telejurnalistlərin ekran boyda başlarına baxmaqdan gözüm ağrıyır. Zalım uşağının seçdikləri müxbirlərin peşəkarlığı cəhənnəmə, hətta səsləri və görünüşləri fotogenik baxımdan ekran üçün yararsızdı. Verdikləri xəbərə saxta həyacan və qorxu yükləməklə nə etdiklərini bu adamlar anlamırlar. Düşmən tərəf bizim bir-neçə müxbiri gülüş hədəfi və qorxaq kimi yayıblar. Güya Azərbaycan xalqı qorxur. Bu özlərindən qəhrəman qayırmaq istəyənlərin özünü reklam rolikləri cəbhədəki uğurlarımızla uyğunlaşmır.
2016-ci ildə döyüşlər zamanı vahid informasiya mərkəzinin yaradılmasını yazmışdım. Bunu ermənilər Qaraqaya döyüşünün 2-ci günü etdilər. İcevan bölgəsində mövcud vəziyyət barədə informasiyaların araşdırılması məqsədiylə böhran məlumat mərkəzi qurulması 14 iyulda elan edildi. Artsrun Hovhannisyan bu mərkəzin rəhbəri təyin edildi. Biz hələ də bu sahədə heç bir iş görməmişik. Bu gün sosial şəbəkələrin bağlanması bizim əleyhimizə işləyir. Düşmən bunu «itkilərimizi» gizləmək üçün etdiyimizi daxili auditoriyaya həzm etdirir. Xaricə isə bunu Azərbaycanın anti demokratiyası kimi təqdim edir. Bu sahədə müharibə getdiyi vaxt hərbi senzura tətbiq edilməli və aidiyyatlı orqanlar bu sahəyə nəzarət mexanizmi hazırlamalıdırlar. Hələ II Dünya müharibəsində faşizmi ideoloqlarından olan Göbbels mətbuata «müharibədən sonra» sözlərinin işlədilməsini qadağan etmişdi və buna görə onlarla jurnalist həbs edilmişdi. O, bildirirdi ki, bu söz alman xalqında arxayınçılıq yaradar və alman xalqı yeni ərazilərə can atmaz. Bu gün informasiyanın missiyası daha da üstün mövqe qazanıb. Amma kimsəyə sirr deyil ki, Həsənov-Mehdiyev birliyi Azərbaycan jurnalistikasını iflasa uğradıb. Özü də savaş aparan bir ölkədə informasiya ilə məşğul olan adamlar ən azı bilməlidirlər ki, müasir savaş iki cəbhədə aparılır. Öndə bəzən mərmilərin və əsgərlərin deyə bilmədiyini, informasiyalar söyləməlidir. Döyüşən əsgər arxasında informasiya sipərinin olmasını hiss etməlidir. İndiki şəraitdə qlobal informasiya savaşı aparılmalıdır.
Bu savaşda münaqişənin keçmişi (tarixi aspekt) və gedişi (hərbi aspekt) izlənilməlidir.
Cəmiyyətin şüuruna təsir edən informasiyaların yayılması ən güclü silahdan belə, qorxuludur. Ön səngərdə qaçan əsgəri gözləyən ad və cəza eyniylə də bu cəbhədə fərarilik və satqınlıq edənlərə aid edilməlidir. Xatırladım ki, qlobal informasiya sahəsi 90-cı illərin əvvəllərində yaranıb. CNBC (1989), BBC World News (1991), CNN (1992), Euronews (1993), Blomberg (1994), Əl-Cəzirə (1996) və s. kimi qurumların fəaliyyəti örnək ola bilər.Bu sıradan bir məsələ deyil. Bu iş üçün mərkəzlər yaradılmalıdır. Mətbuat Şurası kimi yararsız bir qurumdansa 5-3 jurnalistin bu sahə üçün bir araya gəlməsi vacibdir.
Məlumat üçün bildirim ki, ilk olaraq ”İnformasiya müharibəsi” termininə Tomas Ron tərəfindən “Silah Sistemi və İnformasiya müharibəsi” hesabatında rast gəlinir. 1976-ci ildə bu hesabat “Boinq” şirkəti üçün hazırlanmışdır. Müəllif qeyd edir ki, informasiya hazırda ABŞ iqtisadiyyatında aparıcı rol oynayır. T.Ronanın hesabatı başlanğıc oldu. Problemin bu cür qoyuluşu “Məxfi sənədlər”lə işləyənlərin ciddi marağına səbəb oldu.1980-ci ildə ABŞ Hərbi Hava Qüvvələri bu faktla ciddi maraqlanmağa başladılar. O vaxtdan rəy yarandı ki,informasiya həm məqsəd, həm də silah ola bilər. “Soyuq müharibədən” sonrakı dövrdə “İnformasiya müharibəsi” termini ABŞ Müdafiə nazirliyinin sənədlərində yer aldı.
Bu sahə 1991-ci il “Səhrada tufan” əməliyyatından sonra daha çox diqqət cəlb etdi. Həmin il informasiya texnologioyası hərbi vasitə kimi sınaqdan keçirildi. Həmin termin rəsmi olaraq müdafiə nazirinin 3600 saylı, 21 dekabr 1992-ci il tarixli direktivində işlədildi. Bildirim ki, 1996-ci ildə Pentaqonun eksperti Robert Banker bir simpoziumda ABŞ Hərbi Qüvvələrinin XXI əsrdə yeni quruculuq və hərbi fəaliyyəti (“Forse-21” konsepsiyası) barədə məruzə etdi. Məruzənin əsasını hərbi əməliyyatlar iki yerə bölünürdü: ənənəvi faza və kiberfaza. Banker yeni “kibermanevr” doktrinasını irəli sürərək, ənənəvi hərbi konsepsiyaların əsasında əks tərəfin, yəni düşmənin silahlı qüvvələrini neytrallaşdırmağın mümkünlüyünü irəli sürürdü.
Beləliklə, hərbi əməliyyatlara başlamazdan öncə təkcə torpaq,dəniz,hava və kosmosla kifayətlənməyib oraya infosferanı əlavə edirlər. Hərbi ekspertlərin dediyinə görə , yeni müharibələrdə hədəf kimi əsas informasiya infrastrukturu və düşmənin psixikası əsas götürüləcək. Hətta bu fikri təsdiqləyən termin də meydana çıxıb: “Human network”. Bu gün bank SWIFT kodlarından tutmuş, reklam rolikləri, filmlər, bioloji laborotoriyalar, internet və mobil operatorlarınadək bu mübarizənin subyektləri kimi nəzərdə tutulub.
Beləliklə, informasiya müharibəsi isə-qarşı tərəfin dövlət və hərbi-siyasi dairələrinə, həmçinin hərbi-siyasi rəhbərliyin qərar qəbul etməsinə təsir göstərmək, qərarların qəbulunda informasiya üstünlüyü əldə etmək, münaqişə zamanı düşmənin idarəetmə infrastrukturunun fəaliyyətini iflic etmək məqsədi daşıyır.
Raketlər, mərmilər bir obyekti, bir hərbi birləşməni hədəfə alırsa, informasiya hücumuyla bütöv bir toplum hədəf halına gəlir. Təhlükənin miqyası aydın oldumu?
— İnformasiya hücumuyla bütöv bir toplum hədəf halına gəldiyini dediniz. Bəs dezinformasiyaların yayılmasının qarşısını necə almaq olar?
— Ölkəmizdə əfsuslar olsun ki, bu sahədə işlər görülmür. Jurnalist birliklərinin başına təsadüfi adamların keçməsi öz «bəhrəsini» verməkdədir. Ömründə topun nə olduğunu bilməyən bir adama savaşda artileriya tapşırsan o top atəş etməyəcəyi bəllidir.
Jurnalistika sahəsində bir cümləsi olmayanlardan da bu sahəyə uyğun addım gözləmək sadəlövhlükdür. İnformasiya hücumlarının qarşısını almaq üçün onları savaşda olduğu kimi yerləşmə yerlərini, yayın arenasını müəyyən etməliyik. Bizim informasiya məkanına hücum edən 3 istiqamət öndə gəlir: Rusiya, Ermənistan və İran. İstər sosial şəbəkədə, istər dövlət səviyyəsində və istərsə də fərdi olaraq bu istiqamətlər 90-cı illərdən eyni işlə məşğuldurlar. Dəyişən təkcə texniki resursların daha effektiv vasitələrlə əvəzlənməsidir.
Bildirdiyimiz kimi müasir şəraitdə qlobal informasiya savaşı iki istiqamətdə aparılmalıdır: Münaqişənin keçmişi (tarixi aspekt) və gedişi (hərbi aspekt) izlənilməlidir. Bu iki istiqaməti qismən öz saytlarımızda izah etməyə çalışmışıq. Əlavə olaraq bildirək ki, çağdaş dünyada cəmiyyətin şüuruna təsir edən informasiyaların yayılması ən güclü silahdan belə, qorxuludur. Üstəlik, elmi olaraq, xəstəliklərin və neqativ ortamın yaradılması, bizi əhatə edən kənardan gələn məlumatlara verdiyimiz reaksiyaların nəticəsidir. Müasir texnoloji inkişaf nəticəsində bütün xəstəliklərin 80% -dən çoxu informasiyalar vasitəsiylə ötürüldüyü aydın olub. Klassik döyüşlərdə, bir nəfər qorxaq əsgərin qorxaqlığı və keçirdiyi stress, təlaş hissinin böyük bir orduya sirayət etməsini hər biriniz bilirsiniz. Bu gün ordumuzu informatik hücumlardan maksimum şəkildə qorumaq, nəinki təkcə jurnalistlərin, hər bir vətəndaşın vətəndaşlıq borcu sayılmalıdır. Bu cəmiyyətin informasiya təhlükəsizliyi adlanır. Məsələn, hansısa bir jurnalist reytinq qazanmaq xatirinə, ordunun şəxsi heyyətini, komandanlığı və digər mövcud strukturları hədəfə alırsa, bu şəxs atdığı addımın nəticəsini hesablaya bilmir, yaxud da bu işi sifarişlə görür.
Jurnalistlər, öncə mövcud neqativlər haqqında rəsmi məlumatlara əsaslanmalı, ya da ictimailəşdirilən danılmaz faktlar yekunda müdafiə qabiliyyətimizin möhkəmlənməsinə xidmət etməlidir.
Dezinformasiya yüklü təşviş doğuran məlumatların yayılması müasir savaş üslublarından sayılır. Klassik anlamda «bir əsgərin qorxaqlığı böyük bir orduya sirayət edə bilər» deyimi bu tendensiyadan qaynaqlanır. Ordu və cəmiyyətdə təşviş, qorxu və təlaş yaradan informasiyalar kütləvi stress yaradır. Stress, bir orqanizmin müəyyən bir stimula — sözdə stress faktoruna verdiyi fizioloji və psixoloji reaksiyaların birləşməsidir.
Stressin bədənə təsiri ardıcıl olaraq bir-birini əvəz edən bir neçə mərhələdən ibarət bir proses kimi qəbul edilməsi elmi olaraq təsdiqlənib:
Səfərbərlik mərhələsi: Enerji artımı var, ürək daha tez-tez döyünməyə başlayır, nəfəs səthi olur, qan təzyiqi yüksəlir, adrenalin və digər «stress hormonu» — kortizol ifraz olunur. Müəyyən mənada bu, bədəni «ya vur və ya qaç» əmrinin icrasına hazırlayan «ibtidai» reaksiyadır.
Müqavimət mərhələsi: ilkin şok ötür, hormonların istehsalı bir qədər azalır (amma qalan şeylər normadan artıqdır), lakin bədən yüksək hazırlıq vəziyyətində olmağa davam edir.
Tükənmə mərhələsi: Bədənin çox uzun müddət stress keçirdiyi təqdirdə, onun qoruyucu mexanizmləri qaçılmaz olaraq uğursuz olur. Fiziki və emosional qaynaqlar tükənir. Bütün bunlar immun, sinir, pulmonoloji, ürək-damar və digər bədən sistemlərinin fəaliyyətinə mənfi təsir göstərə bilir.
Bunları deməkdə məqsədim informasiyaya hər bir jurnalistin dırnaqarası yanaşmaması üçündür. Cəmiyyətə ötürülən informasiyalar redaktorlar tərəfindən incələnməlidir. Hər bir redaktorun öz informasiya siyasəti və «filtiri» olmalıdır. Əfsuslar olsun ki, bunu görmürük.
— Bir jurnalistin «siz qalib əsgər, o biriləri məğlub əsgər» deyən bir jurnalistə qarşı müharibə veteranlarının ayağa qalxmasının qarşısını siz aldığınızı bilirik. Bu bir jurnalist təəssebkeşliyiydi, yoxsa özgə nüanslar vardı?
— Bu suala görə təşəkkür edirəm. Bu məsələ jurnalist təəssübkeşliyi deyil, sadəcə ölkəmizin apardığı ədalətli müharibəyə görə bu addımı atdım. Bizə əlavə düşmənlər, qeyri-stabillik yaradan hərəkətlər deyil, birlik vacibdir. Bu birliyi təmin edən neqativlər lazımdır. Bəzi orqanlarının yerini dəyişik salan özündən müştəbeh jurnalistlər tez-tez belə bir sual verirlər: O vaxtkı əsgər, bu vaxtkı əsgər. Bu adamlar təxribatçıdır və konkret olaraq düşmənə işləyənlərdir. Bu beyinsiz adamlar, hələ də, nə birinci, nə də indiki savaşın mahiyyətini anlamayıblar. Sonuncu dəfə dediyiniz sözü efirə verən jurnalist mövqelərimizi kordinatlarla çəkib düşmənə ötürəndə biz döyüşən əsgər idik. Özü də, nə o vaxt, nə də indi bu adamın bir yaxın-uzaq qohumu belə müharibədə olmadığını da əminliklə deyə bilərəm. «Dalına söyüş yazılanlar»dan bundan artığını gözləmək də yersizdir.
Televiziyada qəzetçilik, qəzetdə televiziyaçılıq edən birinin belə bir quş buraxması, onun normal ağıl sahibi olmadığını və jurnalist kimi bir heç olduğunu ortaya qoydu. Bu zat heç olmasa bilməliydi ki, bu gün minlərlə veteranın övladları, bacısı və qardaşı uşaqları onların yoluyla gedir. İndiyədək 3 nəfər müharibə veteranı öz oğlunu şəhid verib. Yaralılar arasında da veteran uşaqlarının sayını dəqiqləşdirməyə çalışırıq. Birinci Qarabağ savaşında vuruşan əsgər məğlub deyil. Əsgəri məğlub və ya qalib edən onun komandanıdır. Dünənlə bu günün bircə fərqini görmək istəyən tək fərqin Ali Baş Komandan cənab İlham Əliyev olduğunu görməliydi. Əsgər, həmin əsgərdi. O qəhrəmanların yoluyla gedən övladlarıdı. Bunu bilməlisiniz ki, silahsız, komandansız və hətta bunca xainlərin çevrəsində 4 imperiyaya qarşı döyüşən əsgər, düşmənin İNOBİS adlı Kür-Araz qovşağınadək işğal planı alt-üst edə bildi. Bu gün döyüşən qəhrəmanlar, o vaxt döyüşənlərin, ya öz övladları, ya da bacı-qardaş övladlarıdır. Bu sualı verən jurnalistə neçə nəfər, «ata, əmi, dayı» deyə müraciət edir?
Belə savaşlara Mirşahin kimilər həmişə qazanc yeri, reklam fürsəti, bizlər isə Vətən müharibəsi kimi baxarıq. Bizlərin fərqi budur. Veteranların oraya getməsini isə cəbhədə övladlarımızın yanında olmaqla əvəzlədik. Hər birimiz cəmiyyətdə pozuculuğa yönəlmiş belə pozucu əməllərin qarşısını almağa borcluyuq. Bizim üçün düşmən bu gün üçün ermənidir. Sabah da, o biri gün də öz xalqımızı düşmən bilməməliyik. Hər kəs qarşısındakını öz arşınıyla ölçdüyünü də unutmamalıyıq.
Söhbətləşdi: Elnur Səlim
(Davam edəcək)