Dünən Qarabağdakı erməni separatçılar növbəti təxribata əl atıblar. Mülki geyimdə olan ermənilər Xocalı rayonunun Dağyurd kəndi istiqamətində mövqelərimizdə xidmət edən əsgərlərimizin postuna bir neçə traktorla daxil olmağa cəhd ediblər.
Hadisənin Xocavənd rayonunun Sos kəndi yaxınlığındakı çöllükdə baş verdiyi bildirilir. Belə ki, mülki geyimli təxribatçılar postlarımız arasındakı vadini keçməyə çalışıblar. Əsgərlərimizin xəbərdarlığına əvvəlcə məhəl qoymayan erməni təxribatçılar havaya açılan xəbərdarlıq atəşindən sonra aradan çıxıblar.
Erməni mediası isə ənənəvi olaraq növbəti yalanlarını uydurub. Erməni KİV-ri həmin “məlumata” istinadən xəbər verir ki, guya, Dağyurd kəndi ilə Sos kəndi arasında boş sahədə bir neçə tarktor sahəni şumlamaq istəyiblər. Və bu zaman Azərbaycan əsgərləri onlara atəş açıblar.
Yaralanma və itki barədə məlumat yoxdur.
Xatırladaq ki, bu ermənilərin ilk əməli deyil. Bundan öncə də “mülki şəxs” kimi təqdim olunan Seyran Sarkisyan adlı erməni təxribatçısı Xocavənddəki postlarımızın birində xidmət edən əsgərimizə hücum edərək, onun silahını əlindən almağa çalışmışdı. Həmin vaxt xəbərdarlıq atəşinə məhəl qoymayan təxribatçı əlindəki bıçaqla niyyətini həyata keçirməyə cəhd etmişdi. Nəticədə, əsgərimiz təxribatçını zərərsizləşdirmişdi.
Bu gün baş verən hadisə də bu təxribatların davamıdır. Erməni tərəfi bu əməlləri ilə iki məsələni gündəmə gətirməyə çalışırlar. Birincisi, “biz də varıq” deməyə çalışırlar və bununla gündəmə gəlməyə cəhd edirlər. İkincisi isə dünyaya “biz Azərbaycanın tərkibində yaşaya bilmərik, onlar mülki əhaliyə də rəhm etmir” görüntüsünü yaratmaqdır.