YAP Gənclər Birliyinin 30 nəfərlik üzvləri sırasında bacı-qardaş təmsilçiliyi

07/04/23 6:00

Yadınızdadırsa, bir müddət əvvəl gənclər təşkilatlarından birindəetdiyi mənimsəməyə görə həbs olunan Cəbrayıl Fərzəliyevin bir sıra media qurumları tərəfindən YAP Gənclər Birliyinin üzvü olduğu bildirilmişdi. Partiyanın bir qolu olan gənclər birliyi quruma üzv olan 30 nəfər arasında belə bir üzvlərinin olmadığını bildirirək sosial şəbəkə istifadəçiləri və media nümayəndələrinə dəqiqləşdirilməmiş məlumatları paylaşmamağı tövsiyə etmişdi. Bu məsələ Hakim partiyanın gənclər birliyinin üzvlərininin kimliyinə diqqət çəkir.
Partiyanın rəsmi saytında olan siyahıya nəzər salanda görünür ki, gənclər birliyinin üzvlərindən 3 nəfər Milli Məclisin deputatıdır. Digər şəxslər arasında da uğurlu və Partiyanın işinə təkan verə biləcək şəxslərin adı görünür. Bura qədər müsbət fikirləri dilə gətiririk. İndi isə keçək gənclər ölkəsi üçün utancverici bir təyinata. Diqqət çəkən bu əsas məqam Birliyin üzvləri arasında Axundovlar ailəsindən bacı və qardaşın təmsil olunmasıdır. Burada sual yaranır ki, ölkədə, daha dəqiq desək Partiyanın üzvləri sırasında üzv olmağa başqa layiqli gənc tapılmırdı? Nəzərə almaq lazımdır ki, məsələ 30 nəfərlik üzvdən gedir, minlərlə üzvdən yox.Görünür ölkənin siyasi həyatında fəal rol oynayan birliyin üzvlərindən olan bu bacı-qardaşa süni və kobud şəkildə dəstək verilir. Heç kimə sirr deyil ki, Partiyanın müvafiq struktur bölməsinin rəhbərliyi üzv gəncləri araşdırmadan bu siyahını tərtib etməz. Deməli, bu bacı-qardaş cütlüyü yüksək səviyyədə müdafiə olunur. Başqa potensiallı gənclərin haqqına girməyi də həm onlar, həm də onları müdafiə edənlər asanlıqla bacarırlar.

Gənclər Birliyinin bacı-qardaş üzvlərindən biri İlqar Axundov, digəri isə Ülviyyə Axundovadır. İlqar Axundov İrəli İctimai Birliyinin baş katibidir. O bu vəzifəyə Gənclər Birliyinin üzvü olmazdan əvvəl çəkilib. Ülviyyə Axundova isə Vətəndaş Cəmiyyətində Debat (DVC) İctimai Birliyinin sədri, həmçinin Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) sədr müavinidir. Xatırladaq ki, DVC uzun illərdir fəaliyyət göstərir və bu birliyin təsisçilərindən, o cümlədən əsasını qoyaraq fəal birliyə çevirənlərdən biri də hazırda“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin sədriŞahin Seyidzadədir. Nəzərinizə çatdırmaq istərdik ki, Ülviyyə Axundova bu il Gənclər və İdman Nazirliyinin təqdimatı əsasında Gənclər üçün Prezident mükafatı ilə də təltif edilib.

Yekun olaraq bildirmək istərdik ki, bu iki gənc ayrı-ayrılıqda ictimai fəal ola bilərlər. Lakin, ölkənin ən böyük siyasi platformalı gənclər birliyində 30 nəfər üzv sırasında bir ailədən bacı və qardaşın təmsil olunması düşünürük ki, məqsədəuyğun və ədalətli deyil. Nəzərə alsaq ki, birliyin üzvləri 5 il müddətinə seçilirlər və təxminən 2 ildir ki, fəaliyyət göstərirlər, bundan sonra 3 ildə bacı-qardaş bir ailəni təmsil edərək, birlikdə üzv statusunu öz dəstəkçiləri vasitəsilə qoruya biləcəklər. YAP Gənclər Birliyinə tövsiyə edirik ki, üzvlərini növbəti dəfə formalaşdırdıqları zaman, onların qohumluq dərəcəsi və layiqlilik meyarlarını yenidən nəzərdən keçirsinlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir