Aprelin 4-də Milli Məclisin plenar iclasında bir sıra deputatlar deputat Fazil Mustafaya qarşı silahlı hücumu qınayıb.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov parlamentin bu gün keçirilən iclasında İran xüsusi xidmət orqanlarının növbəti təxribatını qətiyyətlə pisləyib.
“Ziya Bünyadovun, Rafiq Tağının qətlinin sifarişi də İrandan gəlmişdi. Belə hücumlar heç bir nəticə verməyəcək, Azərbaycanın təhlükəsizliyi etibarlı əllərdədir, bu hücumları quranların elə özlərinin başında çatlayacaq”, deyə Əsgərov bildirib.
Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli iclasda qeyd edib ki, Fazil Mustafaya qarşı törədilən əməl terror aktı kimi dəyərləndirilib.
“Spiker Sahibə Qafarova deputat həmkarları Fazil Mustafanı daim diqqətdə saxlayır. İnanırıq ki, terror aktının təşkilatçıları, iştirakçıları cəzalandırılacaq”, deyə o deyib.
Depuatat Siyavuş Novruzov iclasda Fazil Mustafaya qarşı törədilən terror aktını Azərbaycana qarşı törədilən terror kimi qiymətləndirib. O deyib ki, bu gün İran Naxçıvanla sərhədə qoşun yığıb.
“Biz döyüşməyə hazırıq. Azərbaycan 1990-cı illərin Azərbaycanı deyil, güclü Azərbaycanın güclü rəhbəri var. İranın da, başqa dövlətlərin də əlaltılarına xəbərdarlıq edirik ki, özlərini yığışdırsınlar”.
Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc qeyd edib ki, Fazil Mustafaya qarşı terrorun Ramazan ayında baş verməsi sifarişçilərin islama, etiqadlı insanlara, müsəlmanlara münasibətinin göstəricisidir.
Deputatın sözlərinə görə, martın 4-ü Bakıda hipermarketə hücum, martın 9-u Bakıda silahlı atışma və martın 28-i millət vəkilinə sui-qəsd vahid bir zəncirdə birləşir.
“Terorun silahı nə olursa-olsun, tapança, avtomat, yoxsa, bomba, onun əsas niyyəti xalqın üzərində dövlətdən üstün hakimiyyət qazanmaq, qorxu, xof və panika ilə ictimai təhlükəsizliyə zərbə vurmaq və bu yolla dövlət siyasətlərinə təsir göstərməkdir”.
Zahid Oruc bildirib ki, İranın casus şəbəkəsi ifşa edilir.
O, Hizbullah təşkilatının ötən həftə Azərbaycanın İsraildə səfilriyinin fəaliyyətə başlaması ilə bağlı reaksiyasına da toxunub.