Serbiyanın Novi Sad şəhərində keçirilən güləş üzrə Avropa çempionatının üçüncü yarış günündə Azərbaycan milli komandası daha iki medal qazanıb.
“Report”un məlumatına görə, yığma üzvləri günü 1 gümüş, 1 bürünc medalla başa vurublar.
74 kq çəki dərəcəsində yer alan sərbəst güləşçi Murad Süleymanov ardıcıl olaraq İspaniya, Fransa, yarımfinalda Rusiya idmançısına qalib gəlib və finala yüksəlib. Qızıl medal uğrunda görüşdə o, türkiyəli Söner Demirtaşa uduzaraq, gümüş medalla kifayətlənib.
55 kq çəki dərəcəsində mübarizə aparan Alyona Kolesnik Türkiyə və Almaniyadan olan rəqiblərini üstələsə də yarımfinalda Bolqarıstan təmsilçisi ilə gərgin keçən görüşdə uduzub. Bürünc medal qarşılaşmasında isə o, serbiyalı rəqibinə 48 saniyəyə tam üstünlüklə qalib gələrək, fəxri kürsüyə yüksəlib.
Bununla da Azərbaycan güləşçilərinin Avropa çempionatında qazandıqları medalların sayı 6-ya yüksəlib. İlk iki yarış günündə Mariya Stadnik (48 kq) və Giorgi Edişeraşvili (57 kq) qızıl, Aleksandr Qostiyev (86 kq) gümüş, Tatyana Omelçenko (60 kq) bürünc medala sahib olub.
Avropa çempionatı
4 may
Kişilər
61 kq
Təsəlliverici görüş. Andrey Perpelita (Moldova) – Əhmədnəbi Qvarzatilov – 12:10
1/4 final. Əhmədnəbi Qvarzatilov – Vladimer Xinçeqaşvili (Gürcüstan) – 5:9
1/8 final. Jozef Molnar (Macarıstan) – Əhmədnəbi Qvarzatilov – 2:10
74 kq
FİNAL. Murad Süleymanov – Soner Demirtaş (Türkiyə) – 4:6
1/2 final. Axmed Qazımaqomedov (Rusiya) – Murad Süleymanov – 3:5
1/4 final. Murad Süleymanov – Zalimxan Hacıyev (Fransa) – 10:5
1/8 final. Murad Süleymanov – Taimuraz Friev Naskidayev (İspaniya) – 4:1
Qadınlar
55 kq
Bürünc medal görüşü. Merima Qaletin (Serbiya) – Alyona Kolesnik – 0:6 (tuşe, 48 san.)
1/2 final. Bilyana Jivkova Dudova (Bolqarıstan) – Alyona Kolesnik – 12:0
1/4 final. Alyona Kolesnik – Sandra Paruszevski (Almaniya) – 10:0
1/8 final. Alyona Kolesnik – Bediha Gün (Türkiyə) – 9:2 (tuşe)
Transqafqaz.com
Könül Hacıyeva