Türkiyə silahlı qüvvələrinin Suriyanın şimal-qərb bölgəsində geniş ərazilərə daxil olması və təhlükəsizlik zonası yaratması da diqqətdən qaçmamalıdır…..

08/05/17 9:13

Suriyanın bütövlüyü sual altına düşməkdədir. Orta Şərqdə hərbi-siyasi proseslər yenidən aktiv fazaya daxil olmaqdadır. ABŞ-ın Suriya hərbi bazalarına sarsıdıcı raket zərbələrindən sonra Suriyada nizamlama prosesində qarantör ölkələr kimi tanınan Rusiya, Türkiyə və İran yeni situasiya ilə üzləşib. Artıq ABŞ administrasiyası da Suriya böhranında maraqlarını daha açıq və güclü şəkildə nümayiş etdirir. Prosesə ABŞ-ın da aktiv daxil olmasının yaratdığı hərbi-siyasi situasiya, qarantör ölkələri sülh danışıqlarının yenidən aktivləşməsinə və qalıcı razılaşmalara vadar edir. Məhz Soçidə keçirilən Rusiya-Türkiyə görüşünüdən Suriya məsələsində çıxan ilkin nəticə bundan ibarətdir ki, qarantör ölkələr ABŞ-ın prosesə gözlənilməz təsirlərini neytrallaşdırmaq, böhranın daha da iri miqyas almasının qarşısının almaq məqsədilə Suriyada dörd güvənli bölgə yaradılması və atəşkəs rejimini gücləndirməklə bağlı razılaşma əldə ediblər. Bu razılaşma protokoluna ABŞ-ın da müsbət yanaşdığı ifadə edilsə də, sazişin davamlı olacağı ilə bağlı ehtimallar elə də yüksək deyil. Həm də bu planın faktiki olaraq Suriyanın bölünməsinə istiqamət götürməsi də yerli müxalifləri ciddi narahat etməkdədir. Orta Şərqdə ABŞ-ın, Avropa Birliyinin, Rusiyanın,Türkiyənin, İranın və ərəb dövlətlərinin özünəməxsus spesfik maraqları var. Burada toqquşan maraqların gələcək təminatçısı kimi tərəflərin əksəriyyəti kürd faktorundan yararlanmağa çalışır və kürd məsələsi artıq iri dövlətlərin geosiyasətin əsas riçaklarından birinə çevrilib. Qərbin və Rusiyanın maraqları əsasən müsəlman ərəblərin, farsların və türklərin əhatəsində müsəlman kürdlərdən istifadə edərək, hər biri özünəməxsus yeni strateji təhlükəsizlik platforması yaratmağı hədəfləyib. Orta Şərqdə artıq müsəlman dövlətlərinin əhatəsində yəhudi dövləti olan İsrailin vasitəsilə uzunmüddətli sabitliyə və təhlükəsizliyə qarantiya yoxdur. Çoxmilyonlu müsəlman kürdlərin vasitəsilə regionda yeni platformanın yaradılması həm türklərə, həm də ərəblərə təsir riçaqları məqsədi ilə kənar güclər tərəfindən ən əlverişli variant kimi qəbul edilir və dəstəklənir. Bu baxımdan bölgədə Kürdüstan dövlətinin yaradılmasını hədəfləyən qüvvələr qanlı toqquşmaların dərinləşməsindən yararlanmağa çalışırlar. İndiki situasiyada üst-üstə düşən və toqquşan maraqlar konkret olaraq hansısa tərəfin qəti qalib olmasına imkan verməsə də, proses konkretləşməyə doğru istiqamət götürüb. Türkiyə bu məsələdə qətiyyən güzəştə getməyəcəyini çox kəskin şəkildə ifadə edir və addımlar atır. Hətta ən ağır və irimiqyaslı total müharibəni də istisna etmədiyindən kənar güclər Türkiyənin bölgədəki maraqları ilə hesablaşmaq məcburiyyətindədir. Türkiyə silahlı qüvvələrinin Suriyanın şimal-qərb bölgəsində geniş ərazilərə daxil olması və təhlükəsizlik zonası yaratması da diqqətdən qaçmamalıdır. Kənar güclərin YPG-yə verilən açıq və gizli dəstəyi bölgədə daha təhlükəli hərbi qarşıdurmalara rəvac verə bilər.

 

Nəsimi Məmmədli