Rüstəm Muradovun rəhbərliyi altında Qarabağda aparılan sülhməramlı işlər Rusiyanın ən biabırçı missiyası kimi yaddaşlarda qalacaq.
Rusiya tarixində sülhməramlı missiyanın bu qədər uğursuzluğu olmamışdı.
Transqafqaz.com xəbər verir ki, bu fikri “Gainarinfo” nəşrinə müsahibəsində hərbi ekspert Üzeyir Cəfərov deyib. Ekspertin sözlərinə görə, “əslində Muradov sadəcə işdən çıxarılıb”.
O xatırlatdı ki, əvvəlcə general Muradov altı ay üçün Qarabağa sülhməramlı kontingentinin komandiri kimi gətirildi. Daha sonra ermənilərin istəyi ilə onun müddəti bir ilə qədər uzadıldı.
“Ancaq son hadisələr və rus sülhməramlılarının erməni qadınlarla etdiyi biabırçı hərəkətləri Moskvanı Muradovu əvəz etməyə məcbur etdi. Erməni təxribatçıların mübadiləsi zamanı Muradovla əlaqəsi olan bəzi şəxslər qanunsuz olaraq bəzi ailələrdən pul yığırdılar və pulun müəyyən miqdarı Muradova verilirdi”, – deyə Cəfərov bildirib.
Onun sözlərinə görə, Rusiya hərbçiləri ilə bağlı ciddi araşdırma aparılır. “Nəticədə Muradov dərhal işdən kənarlaşdırıldı. Önümüzdəki aylarda Rusiya Federasiyasının Cənub Hərbi Dairəsinin hərbi prokurorluğu Muradov və bir neçə tabeçiliyinə qarşı cinayət işi açacaq ”, – deyə Cəfərov bildirib.
Ermənistan Müdafiə Nazirliyi Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandanı general -leytenant Rüstəm Muradovun missiyasını başa vurduğunu bildirdi. Daha əvvəl general Muradov Ermənistanın müdafiə naziri Arşak Karapetyan tərəfindən qəbul edilib.
Ermənistan “Sputnik”-in verdiyi məlumata görə general-mayor Mixail Kosobokov Muradovun yerinə ən çox ehtimal olunan namizəd hesab olunur. Əvvəllər 58-ci Ümumqoşun Silahlı Ordu komandirinin müavini vəzifəsini icra etmiş və işğal altındakı Abxaziyadakı Rusiya hərbi bazasına komandanı olmuşdur.
Rusiya Müdafiə Nazirliyi hələlik bu məlumatı şərh etməyib.
Transqafqaz.com