Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan yumşaq desək, bicliyə əl atır. O Moskvada bəyan edib ki, Azərbaycan tərəfi 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın “hərbi əsirlərin dəyişdirilməsi” ilə bağlı şərtlərini yerinə yetirmir.
Bu barədə PolitRUS ekspert-analitik şəbəkəsinin rəhbəri, rusiyalı ekspert Vitali Arkov bildirib.
“Üçtərəfli bəyanatda o zamana olan hərbi əsirlərin azad edilməsindən söhbət gedirdi. Və Bakı həmin əsirlərin hamısını qaytarıb. Hazırda Azərbaycanda artıq atəşkəs elan edildikdən sonra diversiya həyata keçirmək istəyərkən saxlanılmış erməni komandoslarının bir hissəsi qalır”, – deyə ekspert qeyd edir.
Onun sözlərinə görə, Bakı hətta mina xəritələrinin əvəzində bu erməni komandoslarının bir hissəsini belə İrəvana qaytarıb:
“Əminlik var ki, Bakı sülh niyyətini nümayiş etdirmək üçün o qalanlarını da evlərinə göndərəcək. Amma Ermənistan rəhbərliyi həmin insanların yenidən Azərbaycana qarşı hərbi əməliyyatlara cəlb olunmayacağına təminat verəcəkmi?”
Transqafqaz.com