Fransada keçirilən seçkilər Qarabağ probleminə və ölkəmizin demokratikləşməsinə nələr vəd edə bilər?

24/04/17 2:43

Nəsimi Məmmədli yazır…


Fransada son prezident seçkiləri ölkənin siyasi tarixinə yeniliklər yazdı. Bu nəticənin Qarabağ probleminə və ölkəmizin demokratikləşməsinə nə kimi təsirlər ola bilər?

Fransa çağdaş dünyanın demokratik mərkəzlərindən sayılan ölkələrdən biri olduğu üçün orada baş verən sosial-siyasi proseslər daim maraqla izlənir. Öz vətəndaşlarının hüquq və azadlıqlarına hörmət bəsləyən, dövlət-vətəndaş münasibətlərinin tənzimlənməsi ilə bağlı zəngin tarixi təcrübəyə və nümunəyə malik olan Fransa həm də Avropa siyasi məkanının söz sahiblərindəndir.
Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi Qarabağ probleminin nizamlanması prosesində iştirakı da ölkəmizdə seçkilərin yaxından izlənməsinə təsir edir.
Öncə qeyd edək ki, seçkilərin birinci turunda qalib gələn Emmanuel Makronnun mayın 7-də təkrar səsvermədə Fransanın yeni prezidenti olması artıq demək olar ki, real görünür. Fransa tarixində ilk dəfədir ki, 39 yaşlı gənc prezident ölkəyə rəhbərlik etmək ərəfəsindədir. Habelə ilk dəfədir ki, ənənəvi mərkəz sağ və sol görüşlü partiyaların namizədləri də ikinci tura keçə bilmədi. İfrat sağçı namizəd Le Penin də səslərini artıraraq ikinci tura keçməsi diqqətdən qaçmamalıdır.
İngiltərənin AB-dən çıxması və D.Trampın ABŞ prezidenti seçilməsinin ardından Avropanın gələcək siyasi taleyi ilə bağlı diqqət ən çox Fransadakı bu seçkilərə yönəlmişdi. Hazırda dünya siyasətində yaranmış qeyri-müəyyənlik davam edir. Görünən budur ki, AB qismən rahat nəfəs ala biləcək. Qloballaşmaya qarşı böyük cəbhə Fransada qalib gələ bilmədi. Həmçinin Türkiyənin AB-nə daxil olması ilə bağlı müzakirələrə qarşı sərt mövqeyi ilə seçilən namizədlərin də qalib olmaq şansı ortadan qalxdı.
Konkret olaraq bu seçkinin ölkəmizə təsirlərini iki aspektdən dəyərləndirmək doğru olar. Birincisi Qarabağ probleminin həlli, ikincisi isə ölkəmizin demokratik siyasi gələcəyi ilə bağlıdır.
İndiyə kimi Qarabağ problemi ətrafında davam edən diplomatik gəlişmələri təhlil etsək aydın görərik ki, problemin həlli istiqamətində ATƏT-in rolu həlledici deyil və indiki status-kvo davam etdikcə dəyişiklik olmayacaq. Problemlə birbaşa yaxından məşğul olan ATƏT-in Minsk Qrupu olsa da, bu qurum nəinki uzunmuddətli sülhə, hətta atəşkəs razılaşmasına belə doğru-düzgün əməl olunmasına təminatçı ola bilmir. Çünki problemə tərəflərin hökumətləri ilə yanaşı Rusiyanın da xüsusi yanaşması və təsirləri var. Yaxın perspektivdə problemin həllində ATƏT-in rolunun ön plana çıxması mümkün görünmədiyi üçün Fransada kimin prezident olması mövcud duruma xüsusi təsir etməyəcək. Ancaq bununla yanaşı erməni lobbisinin daha çox dəstək verdiyi namizədlərin uğur qazanmamasının psixoloji üstünlükləri də nəzərə alınmalıdır.
Ölkəmizin demokratik gələcəyi ilə bağlı məsələlərdə də Fransanın yeni prezidentinin xüsusi təşəbbüslərinin olacağını güman etmirəm. Demokratik dəyişikliklər əsasən vətəndaşlarımızın siyasi fəallığından asılı olsa da beynəlxalq yanaşmaların təsirlərini də istisna etməməliyik. Xüsusilə də Fransa kimi nüfuzlu dövlətdə insan hüquq və azadlıqlarına hörmət edən bir gənc liderin prezident seçilməsi ölkəmizin demokratik müxalifəti üçün müsbət qarşılana bilər və bu istiqamətdə əlaqələrə önəm verilməsi zəruridir.