KİYEV. 25.02.2022
Kuleba 1941-ci ildə nasistlərin Ukrayna şəhərlərini bombaladığını xatırladıb
Ukraynanın Xarici İşlər naziri Dmitri Kuleba dünya ictimaiyyətini Rusiya prezidenti Vladimir Putini dayandırmağa və Rusiyanı təcrid etməyə çağırıb. Belə ki, diplomatiya rəhbəri Rusiya ordusunun Kiyevə endirdiyi raket zərbələrinə Twitter-də reaksiya verib.
Nazir: “Rusiya Kiyevə dəhşətli raket zərbələri endirdi. Paytaxtımız sonuncu dəfə 1941-ci ildə faşist Almaniyasının hücumuna məruz qalanda belə bir hadisə yaşamışdı. Ukrayna həmin şər üzərində qalib gəlib və qalib gələcək”, – yazıb.
Kuleba Putini dayandırmağa, Moskvanı təcrid etməyə və onunla bütün əlaqələri kəsməyə, həmçinin “Rusiyanı hər yerdən qovmağa” çağırıb.
Bu arada Ukrayna Daxili İşlər Nazirliyinin rəhbərinin müşaviri Anton Geraşenko bildirib ki, Kiyevdə bir sıra yaşayış binaları raketlər və sursat parçaları ilə zədələnib, azı 3 mülki şəxs yaralanıb.
Ukrayna paytaxtında yerli vaxtla saat 04.20-dən sonra silsilə partlayışlar baş verib.
Fevralın 24-nə keçən gecə Rusiya prezidenti Vladimir Putin Ukraynanın Donbasında xüsusi hərbi əməliyyatın başlandığını elan edib. Bunun ardınca rus ordusu Ukraynaya hücum etdi.
Ukrayna şəhərləri, o cümlədən Kiyev raket və bomba hücumlarına məruz qalıb.
Ukrayna prezidenti Vladimir Zelenski cavab olaraq bütün ölkədə hərbi vəziyyətin tətbiq olunduğunu bildirib.
Ukrayna lideri Rusiya ilə diplomatik əlaqələrin kəsildiyini də açıqlayıb.
Kremlin hərəkətləri BMT-də və dünyanın əksər paytaxtlarında pislənilib.
Rusiyaya qarşı sərt sanksiyalar tətbiq edilib.
Transqafqaz.com