Müasir silahlardan və hərbi texnologiyalardan tutmuş qlobal mediayaya qədər hər kəsin beynini yuya biləcək nəhəng imkanlara malik, alətlər arsenalı genişdir
Ermənistan hökumət və müxalifət nümayəndələri qondarma “arsax”ın “müstəqillik günü” ilə bağlı erməni xalqına “təbrik” ünvanlayıblar.
Ermənistan Prezidenti Armen Sərkisyan ünvanladığı müraciətində bu əlamətdar (?) hadisənin 30-cu ildönümünün çox çətin bir dövrdə – 44 günlük müharibədən sonra yaranan ağır vəziyyətdə “qeyd olunduğunu” deyib. Erməni prezident bildirib ki, “arsaxın” “müstəqilliyi”nin və əhalinin toxunulmazlığının təmin edilməsi, Azərbaycandan aramsız yeni müharibə təhdidləri, “arsax”ın statusu, sosial-iqtisadi və humanitar məsələlərin həlli ümummilli gündəmin prioritetləridir:
“Tariximizdə erməni dünyası üçün “arsax” və “arsaxlılar”ın hər zaman xüsusi rolu olmuşdur. Artıq ortaq erməni məsələsində səhv etməyə haqqımız yoxdur”.
Ermənistan Baş naziri Nikol Paşinyan isə müraciətində, nə qədər qəribə də olsa, 44 günlük müharibə zamanı Azərbaycanın bütün səylərinə baxmayaraq, öz hədəfinə çatmadığını iddia edib. 10 noyabr kapitulyasiyasına imza atan və “müstəqillik günü” şousuna qatılmağa cəsarəti çatmayan, buna görə qısamüddətli məzuniyyətə qaçan Paşinyan deyib:
“Bu gün “arsax” yaralıdır, amma israrlıdır və Ermənistan və erməni xalqının tam dəstəyinə malikdir. Ermənilər “arsax”ın “azadlığı” uğrunda mübarizədə ölənləri xatırlayır və qarşılarında baş əyirlər. “Arsax” “xalqı”nın öz müqəddəratını təyin etmək haqqı müqəddəsdir və o, güc tətbiqi yolu ilə dayandırıla bilməz. Buna görə biz bütün beynəlxalq platformalarda deyirik ki, “dağlıq qarabağ münaqişəsi” həll edilməyib. Bunu hətta həmsədr ölkələrin bəyanatları da təsdiq edir”.
Ermənistan Xarici İşlər Nazirliyi də qondarma “arsax”ın “müstəqillik günü” ilə bağlı bəyanat yayıb. Bəyanatda qeyd olunub ki, Ermənistan münaqişənin ədalətli həlli və bölgədə sülhün bərqərar olması üçün “Dağlıq Qarabağ xalqı”nın öz müqəddəratını təyin etmək, tarixi vətənində yaşamaq və inkişaf etmək hüququnun müdafiəsinə davam edəcək.
Ermənistanın keçmiş prezidenti Robert Köçəryan da qondarma “müstəqillik günü” ilə bağlı təbrikinə 44 günlük müharibədə ermənilərin məruz qaldığı ağır itkiləri qeyd etməsilə başlayıb:
“Bu gün “arsax” dövlətçiliyinin saxlanmasının girovu yalnız öz ərazinizdə yaşamağınız və onu rifahlandırmağınızla bağlı sarsılmaz iradənizdir. Biz birlikdə “arsax respublikası”nın müdafiəsi üçün mümkün hər şeyi etməliyik”, – Köçəryan bildirib.
Ermənistanın üçüncü prezidenti Serj Sərkisyan yaydığı bəyanatda 44 günlük müharibədə acı məğlubiyyətin günahını Paşinyanda görüb:
“2020-ci ildə Qarabağa qarşı yeni müharibə başladı və Nikol Paşinyan tərəfindən 9 noyabr 2020-ci ildə gizli şəkildə imzalanan kapitulyasiya Ermənistan və Qarabağı yeni bir təhlükənin qarşısına qoydu və bunun nəticələri hər gün hiss olunur. Ermənistan hakimiyyəti nəqliyyat kommunikasiyalarının açılması və dinc inkişafla bağlı vədləri ilə xalqın sayıqlığını söndürür, öz gücündə və qabiliyyətində qorxu və qeyri-müəyyənlik yaradır və “iki erməni respublikası”nı yeni fəlakətlərə sürükləyir”.
Göründüyü kimi, hər il təmtəraqlı mərasimlər, rəsmi nümayəndələrin səfərləri, çıxışları ilə keçən qondarma “arsax”ın “müstəqillik” günü bu il sadəcə bəyanatlarla “qeyd olundu”. Hər il “bayram”ı qeyd etmək üçün İrəvandan Xankəndinə gələn Ermənistan rəhbərliyi və siyasətçilər bu il eyni addımı atmağa cürət etmədilər. Gücləri yalnız quru bəyanatlara çatdı. Səbəb də aydındır: Erməni xalqını “biz hər zaman “arsax”ın “müstəqilliyi”nin yanındayıq” bəyanatları ilə aldatmaq. Artıq həm özləri, həm də Ermənistan xalqı Dağlıq Qarabağ adlı münaqişənin bitdiyini, “status”un, Azərbaycan Prezidentinin dediyi kimi, gorbagor olduğunu gözəl anlayır. Sadəcə erməni xisləti, hiyləgərliyi bunu həzm etməyə imkan vermir. Xankəndiyə gələ bilməsələr də, məkr dolu bəyanatlar verərək, erməni xalqını yeni fəlakətlərə sürükləməyə və özlərini yenə kənarda saxlamağa çalışırlar.