2017 Aprel 24 ( Bazar ertəsi ) 15:36:51
Məlum olduğu kimi, Türkiyə NATO-nun əsas iştirakçılarından biridir. Rəsmi Bakının müntəzəm olaraq bu hərbi blokun sülhməramlı missiyalarında iştirakını da nəzərə alsaq, bu, Azərbaycanın Şimali Atlantika Alyansı ilə yaxınlaşması deməkdir? Niyə indiyədək Azərbaycan nə NATO-ya, nə Rusiyanın yaratdığı KTMT-yə (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) qoşulmayıb? Axı, bunun Qarabağ münaqişəsinin həllinə kömək edə biləcəyi istisna deyil. |
Bakı/24.04.17/Turan: Mayın ilk günlərində Azərbaycan və Türkiyə iki dövlət arasında imzalanmış hərbi saziş çərçivəsində növbəti birgə hərbi təlimləri keçirəcəklər.
“Azərbaycanın hər hansı hərbi bloka ehtiyacı yoxdur, ölkə bütün problemlərini özü həll edir”, deyə hərbi ekspert Üzeyir Cəfərov Turan-a bildirib.
“Azərbaycanın yeganə olaraq NATO-nun sülhməramlı missiyalarında iştirak edir, bu da zabitlər üçün treninqlərdən və təlimlərdən ibarətdir. Biz GUAM təşkilatının iştirakçısıyıq və bu təşkilat çərçivəsində tərəfdaşlıq daha çox iqtisadi sahədə özünü göstərir. Gələcəkdə zərurət yaranarsa, Azərbaycan hər-hansı bloka qoşula bilər, amma hələlik buna ehtiyac yoxdur.
KTMT-yə və ya NATO-ya daxil olmaq Azərbaycana nə verəcək? KTMT-yə daxil olmaq mümkün deyil, belə ki, orada işğalçı – Ermənistan təmsil olunur. Həm də bu təşkilat formal xarakter daşıyır. NATO-ya gəlincə, bəzi siyasi səbəblərdən blokla əməkdaşlıq yalnız sülhməramlı missiya və xüsusi əməkdaşlıqla məhdudlaşır. Hesab edirəm ki, ölkənin hər hansı bloka daxil olması əlavə problemlər gətirəcək – Şimali Atlantika Alyansına daxil olmaq haqqında bəyanat, ABŞ-la gərgin münasibətlərini nəzərə alaraq, cənub qonşusunu – İranı hərəkətə keçirəcək. Bundan başqa, bu, Rusiyanın da narazılığına səbəb ola bilər. Azərbaycanın Türkiyə, Pakistanla möhkəm ikitərəfli münasibətləri, habelə dünyanın iyirmi ölkəsi ilə hərbi-texniki sazişləri var, gələcəkdə bu siyahı genişləndiriləcək. Bu, Azərbaycan üçün kifayətdir. Yeni müharibə başlayacağı təqdirdə bütün yük yenə Azərbaycan ordusunun üstünə düşəcək”, deyə Ü.Cəfərov qeyd edib.
“Hazırki Azərbaycan hökuməti “heç yerə daxil olmuruq, xarici iştiraka və müdaxiləyə ehtiyacımız yoxdur” prinsipi ilə ifadə olunan “tarazlaşdırılmış” siyasət elan edib”, deyə politoloq Hikmət Hacızadə Turan-a bildirib.
“Amma hesab edirəm ki, ölkəmiz Şimali Atlantika Alyansına qoşulmalıdır. Azərbaycanı öz təsiri altına qaytarmağa çalışan Rusiyanın istifadə etdiyi Qarabağ münaqişəsi, habelə ölkə hakimiyyətinin seçkilər, azadlıq və s. tələb edən demokratik düşərgə qarşısındakı qorxusu isə buna mane olur. Əlbəttə, NATO-ya daxil olmaq Qarabağ münaqişəsinin həllinə kömək edə bilərdi, amma təşkilata qoşulmaq müəyyən vaxt tələb edir ki, Rusiya, yəqin ki, bu vaxtdan ölkədə sabitliyi pozmaq üçün istifadə edəcək. O, daim hədələyir ki, Qərbə doğru istənilən irəliləyiş cəhdi olarsa, Azərbaycan üçün heç də yaxşı olamayacaq. Gürcüstan və Ukrayna addım atdı, birinci Osetiyasız, ikinci isə Krımsız qaldı. KTMT-yə gəlincə, Azərbaycan bəlkə də oraya daxil olardı, amma Qarabağ münaqişəsinin onun lehinə həll olunması şərtilə. Rusiya bu addımı atmır, buna görə Azərbaycan da bu hərbi ittifaqa daxil olmaqdan imtina edir”, deyə H.Hacızadə qeyd edib.
Kamal Əsgər