Dostlar, bu günlərdə Ənvər Paşanı düşünürəm. Ənvər Paşa Osmanlının hərbiyyə naziri idi.
Osmanlı şahzadəsi Naciyə xanımla evlənmişdi. Osmanlının damadı idi. Lakin Ənvər Paşa bütün bu imtiyazlardan, var dövlətdən, cah cəlaldan imtina edərək Türküstanda Bolşevik Rusiya işğallarına qarşı mübarizə aparan Basmaçı Hərəkatına liderlik etdi və bir erməni tərəfindən xaincəsinə xəncərlənərək öldürüldü. Ənvər Paşa 47 yaşında şəhid edildi. Ənvər paşa savaşda öldü, sarayda ölmədi. Var dövlət Davanı gerçəkləştirmək üçün gərəkliydi, davası ona var dövlət qazandırmırdı…
Mən 17 yaşımdan Azadlıq mübarizəsinin içindəyəm və müşahidə etdim ki, mənim Bakı Dövlət Universitetində bərabər mücadilə etdiyim tələbə yoldaşlarımı Heydər Əliyev necə pulla ələ aldı. Bu mübarizə yoldaşlarımın çoxu pul gördükdə necə dəyişdi, yoluna davasına necə xəyanət etdi, şəxsiyyətləri necə qırıldı. Dostlar, adlarını çəkməyəcəm siz özünüz onların çoxunu tanıyırsınız. Mən pul almış dostlarımın üzündəki məsumiyyətini necə itirdiyini, necə satıldıqlarını görmüşəm. AXH-ni dağıdan, parçalayan, Qarabağın işğal edilməsinə səbəb olan şəxslərin hamısı bax bu Pula əyilən satılmışlar idi. Bu satılmışların içində Elçibəyin yalnızlığının və qurbanlığının faciələrini dərk etmişəm.
Dostlar, H.Əliyevin yaratdığı elita-şairlər, yazıçılar, sənət adamları, akademiklər, professorlar, deputatlar, nazirlər, jurnalistlər pulla satın alınmış şəxslər idi. Pulla satınalınmışların satılıq ruhları böyük milli fəlsəfə, ədəbiyyat, tarix, sənət yarada bilməzdi. Yalnız apologetika, bütpərəstlik, şəxsiyyətə pərəstlş, şahpərəstlik yarada bilərdi. Bu gün bütün çevrəm satılıq ruhlarla dolu. Satılmış elita böyük millət yetişdirə bilməzdi, böyük tarix fəlsəfələri yetişdirə bilməzdi, imperiya qüruru formalaşdıra bilməzdi, azadlığın xəyalları qanadlanıb uça bilməzdi, Təxəyyül Turan çöllərində süzə bilməzdi.
Satılmış elita Heydər Əliyev xalqı yetişdirdi. Bu gün Azərbaycanda Heydər Əliyev xalqı yaradılmışdır. H.Əliyev zehniyyəti zəfər çalmışdır. Bu zəfər çələngini daşıyan xalq şairlərinin, yazıçılarının, artistlərinin, akademiklərinin içində, H.Əliyev xalqının içində ruhum necə də əzab çəkir İlahi… Yenilmiş ruhların, yenilmiş millətin içində yaşamaq əzabından qurtulmaq üçün tənhalığıma sığınmışam. Tənhalığımı və azadlıq yanğılarımı bağrıma basmışam. H.Əliyev xalqının içində azadlıq yanğısı daşıyan hər bir insanın bir faciəli sonluğu vardır. Hər kəs bu sistemdən bir yara almışdır. Hər kəs itirmişdir-ruhunu, övladını, vətənini, atasını, xalqını, dostunu, işini, şərəfini, qürurunu….Sistem əjdaha kimi bizi bir-bir yoxluqlarda öldürüb bitirir, udur…Vicdanlar itirmək qorxusunun içinə həbs edilmişdir. Hər kəsin içində bir həbsxana bir qəbristanlıq vardır. Heydərizm hər kəsin içində bir kabus kimi dolaşmaqdadır, İnsanı olum və ölüm seçimləri ilə sınağa çəkməkdədir…
Amma və lakin, Hər hansı bir siyasi sistem, fəlsəfə, quruluş və söyləmlər İnsan vicdanı ilə ziddiyyətə girirsə, o sistemin yaşamaq haqqı bitmişdir. Bu sistemi qapatmaq üçun H.Əliyevlərin pul və vəzifə, mandat tələlərinə düşməmək gərəkdir. Pul, vəzifə, mandat, akademik diplomlar vasitədir, məqsəd deyil. Çox dostlarım ömürlərini bunu qazanmağa həsr etdi.
Dostlar Ənvər Paşa üçün pul var dövlət önəmli deyildi, davası önəmli idi. Bizimkilərsə davanı pula var dövlətə dəyişdilər. Yenilgilərimizin səbəbi həm də insan şəxsiyyətinin bütöv olmamasından qaynaqlanır.
Sosioloq Maks Veber tarixi prosesdə şəxsiyyətin böyük rolunun olduğunu bildirir və yazır ki, Tarix yaradanların şəxsiyyəti çox yüksək olmalıdır ki, tarixdə keyfiyyət dəyişiklikləri baş versin…
Şəxsiyyətlərimiz tam olmadığı üçün mübarizəmiz də bitməmişdir, tamamlanmamışdır.