Türkiyə ilə BƏƏ arasında bir sıra əməkdaşlıq müqavilələri imzalanıb

25/11/21 11:30

Sənədlər Əbu-Dabinin vəliəhdi Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın Ankaraya səfəri zamanı imzalanıb.

Türkiyə ilə BƏƏ arasında enerji, ətraf mühitin mühafizəsi, maliyyə və ticarət sahələrində ümumilikdə 10 əməkdaşlıq sazişi imzalanıb.

Sənədlər Əbu-Dabinin vəliəhd şahzadəsi Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın çərşənbə günü Ankaraya səfəri zamanı imzalanıb.

Vəliəhd Türkiyəyə prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə gəlib.

Rəcəb Tayyib Ərdoğan və Məhəmməd bin Zayed əl-Nəhyan arasında Ankarada prezident kompleksində təkbətək və geniş tərkibdə keçirilən danışıqların sonunda ikitərəfli sazişlərin imzalanması mərasimi olub.

Türkiyə və BƏƏ arasında çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması məqsədilə maliyyə məlumatlarının mübadiləsinə dair Anlaşma Memorandumu imzalanıb.

Liman, sənaye və logistika operatoru Abu Dhabi Ports Company ilə Türkiyə Milli Rifah Fondu (TVF) arasında daha bir Anlaşma Memorandumu imzalanıb.

BƏƏ-nin Dövlət İnvestisiya Fondu, Abu Dhabi Developmental Holding Company (ADQ) və TVF arasında iki Anlaşma Memorandumu imzalanıb.

ADQ ilə Türkiyə Prezident Administrasiyasının İnvestisiya İdarəsi, həmçinin Abu Dabi Fond Birjası (ADX) və İstanbul Fond Birjası arasında Anlaşma Memorandumları imzalanıb.

Türkiyə Respublikası Mərkəzi Bankı ilə Birləşmiş Ərəb Əmirliklərinin Mərkəzi Bankı arasında Anlaşma və Əməkdaşlıq Memorandumu imzalanıb.

Tərəflər həmçinin gömrük sahəsində İnzibati əməkdaşlıq və tərəfdaşlıq haqqında saziş imzalayıblar.

Bundan əlavə, enerji və ətraf mühit sahəsində anlaşma memorandumları imzalanıb.

Bir müddət əvvəl BƏƏ-nin Sənaye və Qabaqcıl Texnologiyalar naziri Sultan bin Əhməd Əl Cabir ölkəsinin Türkiyə ilə əməkdaşlığın yeni mərhələsinə hazır olduğunu bildirmişdi.

Transqafqaz.com